Elm

28 Fevral

Dərsliklərlə yanaşı digər köməkçi vəsaitlərin pulsuz verilməsi təklif olunur

Tədris proqramlarında nəzərdə tutulmuş dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə komplekt şəkildə şagirdlərə dövlət hesabına verilməsi təklif olunur.

Bu, Parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Bildirilib ki, tədris prosesində istifadə edilən dərsliklər şagirdlərə dövlət hesabına pulsuz verilsə də, tədris üçün zəruri olan köməkçi vəsaitlər valideynlərin şəxsi hesabına əldə edilir ki, bu da valideynlərin, xüsusilə aztəminatlı ailələrin narazılığına səbəb olur. Odur ki, tədris proqramlarında nəzərdə tutulmuş dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə komplekt şəkildə şagirdlərə dövlət hesabına verilməsi zəruridir.

"Yeri gəlmişkən, tədris proqramının ağır olması, bu səbəbdən də dərs vəsaitlərinin və onun komplektlərinin çoxluğu xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə səbəb olur ki, bu da onların sağlamlıq vəziyyətinə (dayaq-hərəkət sisteminə və s.) və fiziki inkişafına neqativ təsir edir. İbtidai siniflərin məktəblərin yuxarı mərtəbələrində yerləşdirilməsi isə bu problemi daha da ağırlaşdırır. Digər tərəfdən, ibtidai siniflərin yuxarı mərtəbələrdə yerləşdirilməsi zamanı həmin mərtəbələrdəki pəncərələrin təhlükəsizlik səbəbilə qapadılması, sinif otaqlarında və dəhlizlərdə havalandırma sisteminin və nəfəsliklərin olmaması xüsusilə isti aylarda şagirdlərin səhhətinə ciddi təhlükə yaradır.

Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli, 5 saylı qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” ilə bir sinifdə şagirdlərin sayının 30 nəfərdən ibarət olması müəyyən edilsə də, bir sıra məktəblərdə siniflər 30 nəfərdən çox tərkibdə komplektləşdirilir və bu zaman sinif otaqlarının ölçüləri nəzərə alınmır. Bu, mövcud normalara zidd olmaqla yanaşı, hazırkı pandemiya şəraitində təhsil alanların səhhətinə ciddi təhlükə yaradır" - deyə, hesabatda qeyd olunub.