Elm

28 Fevral

Xaricdə təhsillə bağlı Dövlət Proqramının prioritet istiqamətləri müəyyənləşib

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının prioritet istiqamətləri müəyyən edilib.

Fins.az xəbər verir ki, Dövlət Proqramının icrası zamanı prioritet olaraq informasiya texnologiyaları; mühəndislik; statistika və verilənlərin təhlili; fundamental və tətbiqi elmlər; ictimai səhiyyə; təhsil; ətraf mühit; aviasiya və kosmos; dövlət idarəetməsi; nəqliyyat və logistika; energetika; iqtisadiyyat; maliyyə; arxitektura və dizayn; kənd təsərrüfatı ixtisas sahələrinə üstünlük veriləcək.

Qeyd edilən prioritet sahələr üzrə ixtisasların müəyyən edilməsi dünyada artan rəqabətə davam gətirə bilən iqtisadiyyatın formalaşdırılmasına töhfə verəcək yüksəkixtisaslı kadrların nüfuzlu xarici ali təhsil müəssisələrində hazırlanmasına imkan verəcək.

Proqramda həmçinin qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilini uğurla bitirmiş gənclərin Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək prioritet sahələrdə məşğulluğunun təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu prioritet istiqamətin reallaşdırılması üçün ehtiyac duyulan sahələr üzrə iş təkliflərinin verilməsi və karyerada yüksəliş mexanizmi hazırlanacaqdır. Dövlət orqanlarında bu Dövlət Proqramı çərçivəsində məzun olmuş şəxslərin işlə təminatına üstünlük veriləcək.