Elm

11 Avqust

Azərbaycan büdcəsindən bu il Rusiyanın iki universitetinin Bakı filialına xərclənın vəsait açıqlanıb

Bu ilin 6 ayında Azərbaycanın dövlət büdcəsindən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filiallarının fəaliyyəti üçün xərclənən vəsaitin həcmi açıqlanıb.

APA-nın məlumatına görə, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatına əsasən, 2021-ci ilin I yarım illiyində dövlət büdcəsindən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyəti üçün 1 milyon 457 min 983,7 manat, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyəti üçün isə 3 milyon 129 min 797,3 manat ayrılıb.

Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində ümumilikdə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyəti üçün 7 milyon 329 min 387 manat, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyəti üçün isə 12 milyon 395 min 424 manat nəzərdə tutulub.

Beləliklə, bu ilin birinci yarısında dövlət büdcəsindən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyəti üçün nəzərdə tutulan vəsaitin 19,9 faizi (1 milyon 457 min 983,7 manat), M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyəti üçün nəzərdə tutulan vəsaitin isə 25,2 faizi (3 milyon 129 min 797,3 manat) xərclənib.