Elm

25 May

1-3-cü kateqoriya dövlət orqanlarında bəzi vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçiriləcək

1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, mərkəzi icra hakimiyyəti orqanlarında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) qəbul yalnız həmin orqanların təşkil etdikləri daxili müsahibə əsasında həyata keçiriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarının və birinci-üçüncü təsnifatlara uyğun olan vəzifələrin siyahısı əlavə olunacaq.

Eyni zamanda qanun layihəsinə əsasən, dövlət qulluğu sertifikatının qüvvədə olma müddətinin hər ili ərzində dövlət qulluqçusunun beş müsahibədə iştirakının ödənişsiz, beşdən artıq müsahibədə iştirak üçün isə Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə ödəniş ödəməsi nəzərdə tutulur.

Bunu qanunun mövcud redaksiyasında dövlət qulluğu sertifikatına malik olan namizədlərin heç bir məhdudiyyət qoyulmadan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsahibələrdə iştirakı nəzərdə tutulsa da, bir çox hallarda müsahibədə iştirak üçün müraciət etmiş namizədlərin müsahibəyə gəlməməsi və bu səbəbdən DİM üçün əlavə xərclərin yaranması hallarına rast gəlinməsi ilə əlaqələndiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.