Elm

06 Aprel

“Ali təhsil haqqında” qanun layihəsi nə vaxt hazır olacaq…  

“Ali təhsil haqqında” qanun layihəsi üzərində iş gedir. Hazırda İşçi qrup bu məsələ ilə məşğuldur”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

Deputat qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmamasına da aydınlıq gətirib:
“Yeni reallıqlar və günümüzün çağırışları bu sahədə işlərin daha dərin aparılmasını tələb edir. İşçi qrupunu tərkibi zəngindir. Həm Təhsil Nazirliyinin, həm digər müvafiq dövlət qurumlarının, QHT-lərin nümayəndələri İşçi qrupda təmsil olunur. Qanun layihəsi ilə bağlı yeni-yeni təkliflər hazırlanır. Təbii ki, hər bir təklif nəzərdən keçirilir”.

Ceyhun Məmmədov “Ali təhsil haqqında” qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağı barədə hər hansı informasiyanın söylənilməsinin tez olduğunu da əlavə edib.
Qeyd edək ki, adıçəkilən qanun layihəsi 2020-ci ilin payız sessiyasında parlamentin gündəliyinə daxil edilib və İşçi qrup yaradılıb. Hələ ki İşçi qrup qanun layihəsini parlamentin Elm və təhsil komitəsinə təqdim etməyib.