Bu ilin 28 sentyabr-5 oktyabr tarixlərində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron müraciət edib, onlardan 2479 namizəd elektron ərizəsini təsdiqləyib. Namizədlərin 1350 nəfərini qadınlar, 1129 nəfərini kişilər təşkil edir. Qeyd edək ki, 1514 namizəd direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ilk dəfə iştirak edir. Namizədlərdən 25 nəfər xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alıb, 14 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir.
Namizədlərdən 275 nəfər 22-30 yaş, 1192 nəfər 30-40 yaş, 558 nəfər 40-50 yaş, 346 nəfər 50-60 yaş, 108 nəfər 60-64 yaş aralığındadır.
Müsabiqədə iştirak edən namizədlərdən 1680 nəfər müəllim, 563 nəfər təlim-tərbiyə işi üzrə direktor müavini, 100 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 45 nəfər metodist və psixoloq, 26 nəfər gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, 13 nəfər uşaq birliyi rəhbəri, 6 nəfər laborant, 1 nəfər kitabxanaçı vəzifəsində çalışır.
Hazırda elektron ərizələrin yoxlanılması prosesi davam edir. Proses başa çatdıqdan sonra test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək.