Elm

07 Oktyabr

Şagirdlərdən əsgərlərə dəstək aksiyaları

Paytaxt məktəblilərinin təşəbbüsü ilə Azərbaycan Ordusuna çoxsaylı dəstək aksiyaları keçirilir. Onlardan ən geniş vüsət alanı şagirdlərin böyük həvəs və ruh yüksəkliyi ilə əsgərlərə məktublar yazma aksiyasıdır. Xalqımızın həmrəyliyini simvolizə edən bu kimi təşəbbüslər xalqın monolit birliyinin sübutu və ölkəmizin haqq etdiyi böyük qələbəyə kiçik bir töhfədir.

Məktublarda Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur.

Məktəblərdə şagirdlər tərəfindən torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhu yad edilir. Vətənpərvərlik mövzusunda keçirilən dərslərdə də şagirdlər Ermənistan silahlı birləşmələri tərəfindən dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması barədə fikirlərini bildirirlər.

Məktəblilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına inandıqlarını bildirir, "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, vətən bölünməz!", "Biz birlikdə güclüyük!", "Azərbaycanın güclü ordusu var!" və digər bu kimi fikirləri ifadə edirlər.

Qeyd edək ki, dəstək aksiyalarının əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlərin davamlı təşkilinə nail olmaq, döyüşlərdə şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etməkdən ibarətdir.