2020/2021-ci tədris ili üçün əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən Fins.az-a verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 456 namizəddən 422 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 133 nəfərini oğlan, 289 nəfərini qızlar təşkil edir. 218 namizəd cari ilin, 204 namizəd isə əvvəlki illərin məzunudur.
Qəbul olanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü sayını sentyabrın 29-dan etibarən abiturient.az saytından PDF formatda əldə etmək mümkün olacaq.
Pandemiya ilə əlaqədar olaraq Nazirlər kabineti yanında Operativ qərargahın tələb və tövsiyələrini nəzərə almaqla rezidenturaya qəbul olanlar tələb olunan sənədləri 1‑9 oktyabr 2020-ci il tarixlərində (7 iş günü müddətində) müvafiq qurumların (Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinin, Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinin) müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə (və ya onlayn) qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslərin ixtisaslar üzrə qeydiyyatı müxtəlif vaxtlarda ATU-nun 4 nömrəli tədris binasında (Ünvan: Bakı ş. Səməd Vurğun küçəsi 18) aparılacaq. Daha ətraflı məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər isə qeydiyyatın aparılma qaydaları haqqında məlumatla Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytından tanış ola bilərlər.