2019-cu ildə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə qəbul və orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi eyni vaxtda elan olunub. Hər iki müsabiqə üçün abituriyentlərdən ərizə qəbulu internet vasitəsilə həyata keçirilib. Abituriyentlərə internetdə bir ərizə formasında həm ali təhsil müəssisələrinin boş qalan ixtisaslarının, həm də kolleclərin ixtisaslarının 20-dək kodunu istədikləri ardıcıllıqla qeyd etmək imkanı verilib.
Fins.az-ın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.
Qeyd edilib ki, bu mərhələdə də müsabiqə ümumi qaydalara müvafiq olaraq abituriyentin seçdiyi ixtisasların ardıcıllığına uyğun şəkildə aparılıb və abituriyent müsabiqədən keçdiyi birinci ixtisasa qəbul olub. Hər iki müsabiqəyə birlikdə 16515 ərizə daxil olub. Ərizələrin yalnız 1496-da ali təhsil müəssisələrinin boş qalan ixtisaslarının kodları qeyd olunub. Beləliklə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə qəbul və qeydiyyat aparıldıqdan sonra ali təhsil müəssisələrinin qəbul planının dolma göstəricisi 88.19%-dən 87.29%-ə düşüb (qəbul olan bəzi şəxslərin qeydiyyatdan keçmədiyinə görə).
Əlavə yerləşdirmə və qeydiyyatın nəticələrinə əsasən, I ixtisas qrupu üzrə qəbul imtahanında 26728 nəfər abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 42.10%-i, rus bölməsi üzrə isə 45.52%-i ali təhsil müəssisələrinə qəbul olub. Qəbul planı bütövlükdə (subbakalavrlar da nəzərə alınmaqla) 81.14% yerinə yetirilib. Bu göstərici digər ixtisas qrupları ilə müqayisədə ən aşağı göstəricidir.
II ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyentlərin sayı 14033 nəfər olub. Onların Azərbaycan bölməsi üzrə 68.90%-i, rus bölməsi üzrə isə 64.44%-i tələbə adına layiq görülüb, qəbul planı 84.51% dolub. III ixtisas qrupu üzrə qəbul imtahanında 21550 nəfər abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 50.29%-i, rus bölməsi üzrə isə 59.88%-i ali təhsil müəssisələrinə qəbul olub. Qəbul planı 97.73% yerinə yetirilib.
IV ixtisas qrupu üzrə qəbul imtahanında 4939 nəfər abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 67.22%-i, rus bölməsi üzrə isə 36.63%-i tələbə adına layiq görülüb, qəbul planı 87.62% dolub. V ixtisas qrupu üzrə qəbul imtahanında 7673 nəfər abituriyent iştirak edib. Onların Azərbaycan bölməsi üzrə 39.29%-i, rus bölməsi üzrə isə 51.73%-i tələbə adına layiq görülüb. Qəbul planı 91.22% dolub. II və IV ixtisas qrupları istisna olmaqla, qalan bütün qruplarda imtahanda iştirak edənlər arasından ali təhsil müəssisələrinə qəbulolma faizi rus bölməsində daha yüksəkdir, amma müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlər arasında III və V ixtisas qrupları istisna olmaqla, digər qruplarda qəbulolma faizi Azərbaycan bölməsində daha yüksəkdir. Ümumilikdə götürdükdə, Azərbaycan bölməsində ali təhsil müəssisələrinə qəbul olanlar imtahanlarda iştirak edənlərin 54.94%-ni, müsabiqədə iştirak etmək hüququ qazananların isə 76.00%-ni təşkil edir.
Rus bölməsində bu göstəricilər, müvafiq olaraq, 58.14 və 75.98%-dir. Qəbulolma göstəricilərinin təhsil formaları üzrə təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrinə 35721, özəl ali təhsil müəssisələrinə isə 5972 nəfər qəbul olub. Dövlət ali təhsil müəssisələrinin qəbul planı 88.74%, özəl ali təhsil müəssisələrinin planı isə 79.50% dolub. Bütövlükdə subbakalavrların 16.53%-i dövlət sifarişi üzrə, 83.47%-i isə ödənişli əsaslarla ayrılan yerlərə qəbul olunub. Qəbul olunan subbakalavrların 58.44%-i (2054 nəfər) dövlət, 41.56%-i (1461 nəfər) özəl ali təhsil müəssisələrinə qəbul olunub. Subbakalavrların böyük əksəriyyəti (94.05%-i) I və II qrup ixtisaslarına qəbul olunub. Dövlət sifarişi üzrə qəbul olunanlar arasında bu qrupların payı 89.15%, ödənişli əsaslarla qəbul olunanlar arasında isə 95.03%-dir.
Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ən azı 250 bal toplayan abituriyentlər buraxılıb. Nisbətən yüksək müsabiqə şərtlərinin qoyulması səbəbindən qeyd olunan ixtisaslar üçün 2015-ci ildə ayrılan 2273 yerin cəmi 70.00%-i (1591 yer), 2016-cı ildə 2627 yerin cəmi 60.30%-i (1584 yer), 2017-ci ildə 2334 yerin cəmi 77.89%-i (1818 yer), 2018-ci ildə 2611 yerin cəmi 76.94%-i (2009 yer), 2019-cu ildə isə 2511 yerin cəmi 71.17%-i (1787 yer) dolub. 2014-cü ildə il bu rəqəm 96.83% olub (2273 yerə 2201 nəfər qəbul olub). Ayrı-ayrı ixtisaslar üzrə plan yerlərinin dolma faizinə nəzər saldıqda, görürük ki, cari ildə bu ixtisaslar üzrə qəbul planının yerinə yetirilmə faizi 39-96% arasında dəyişir. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə bu ixtisaslar üzrə qəbul planının yerinə yetirilmə faizi 94%-dən yüksək olub. Onu da qeyd edək ki, 2019-cu ildə bu ixtisaslara 326 nəfər subbakalavr qəbul olunub. Əvvəlki illərdə bu imkanın olmadığını nəzərə alsaq, subbakalavrları nəzərə almadan bu yerlərin dolma faizi 58.18% olardı. Göründüyü kimi müsabiqə şərtlərinin yüksək olması nəticəsində yerlərin müəyyən hissəsini subbakalavrlar tutub. Bu ixtisaslara qəbul olunan subbakalavrların 55.52%-i (181 nəfər) dövlət sifarişi üzrə ayrılan yerlərə qəbul olunub. Ümumilikdə ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə qəbul olunan subbakalavrların 31.15%-i bu ixtisaslara qəbul olunan subbakalavrlardır. Təbiidir ki, imtahan vermədən ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların hazırlıq səviyyələri abituriyentlərdən çox aşağıdır və bu cür tələbələrin tədrisi ali təhsil müəssisələri əlavə problem yaradacaq və onların bir mütəxəssis kimi hazırlığı həmin ali təhsil müəssisələrində daha çox vaxt və resurs tələb edəcək.
2019-cu ildə Təhsil Nazirliyinin təqdim etdiyi siyahıya əsasən ödənişli əsaslarla qəbul aparılan bir neçə ixtisasının müsabiqəsinə ümumi balı 150-dən, II mərhələ üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılıb. Nəticədə, 2019-cu ildə həmin ixtisaslara ayrılan plan yerlərinin 75.14 faizi dolub. Bu göstərici I ixtisas qrupunda 96.17, II ixtisas qrupunda 64.66, III ixtisas qrupunda 98.79, IV ixtisas qrupunda isə 76.71 faizə bərabər olub.