Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirə biləcəyi açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Nazirlikdən o da bildirilib ki, valideyn məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.
Elektron qeydiyyat zamanı valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.
Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişərsə, şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.