“Bu il çmüəllimlərin işə qəbul qaydalarına bir neçə dəyişiklik edilib. Dəyişikliklərdən biri ondan ibarətdir ki, 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib müvafiq keçid ballarını toplayan namizədlərin topladığı ballar bu il qüvvədə hesab olunmayacaq".
Fins.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilverənlərin sertifikatlaşdırılma qaydası təsdiq olunub: “Həmin qaydalara əsasən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən işə qəbul edilmiş şəxslər artıq sertifikatlaşdırmadan keçənlərə bərabər tutulur. Hər iki test imtahanının məzmumunu eyniləşdirmək məcburiyyətində idik. Sertifikatlaşdırma prosesinin təşkili ilə bağlı təsdiq olunan qaydalarda da sertifikatlaşdırmanın test imtahanı mərhələsində namizədlərə yalnız ixtisasa, metodikaya və təlim strategiyalarına aid suallar nəzərdə tutulub. Bununla əlaqədar müəllimlərin işə qəbulu müsabiqəsinin də məzmun hissəsindən məntiq mövzusu üzrə suallar çıxarılıb və sertifikatlaşdırmanın test imtahanı bərabərləşdirilib. Bununla bağlı 2019-cu ildə imtahan verən şəxslərlə 2020-ci ildə yeni məzmunda imtahan verən şəxslərin nəticələrini eyni tutub onların bərabər şəkildə vakansiya seçiminə buraxmağımız düzgün hesab olmazdı. Bununla əlaqədar onların nəticələri nəzərə alınmayıb”.
E.Bağırov xatırladıb ki, müəllimlərin işə qəbulu müsabiqəsi ilə yeni işə qəbul olunan şəxslər 5 il müddətinə sertifikatlaşdırmaya cəlb olunmayacaq.