Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2020-2021-ci tədris ilindən etibarən yüksək texniki peşə subbakalavr səviyyəsinin tədrisinə başlanılacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Fins.az-a verilən məlumata görə, 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş "Peşə təhsili haqqında" qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki peşə - subbakalavr dərəcəsinin verilməsi nəzərdə tutulur. İlk dəfə tədrisinə başlanılacaq təhsil səviyyəsi üzrə ünvanlanan müraciətlər tam orta təhsil bazasını bitirmiş şəxslər üçün açıq hesab olunur.
Qeyd edək ki, Mərkəzdə “Avtomobil diaqnostikası və təmiri ustası” və “Veb dizayner və proqram təminatçısı” ixtisasları üzrə 3 illik subbakalavr, yüksək texniki peşə təhsili təklif olunur. Subbakalavr səviyyəsinə sahib olmaq istəyənlər Mərkəzin rəsmi saytı vasitəsilə (//bii.edu.az/) iyulun 24-dək elektron qeydiyyatdan keçməlidirlər.