BP və onun Azərbaycanda layihələrdəki tərəfdaşları, həmçinin ADA Universiteti bu gün Kompüter Elmləri və Data Analitikası üzrə yeni magistr proqramını elan edib.
“BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, layihə Təhsil Nazirliyi ilə sıx əməkdaşlıqda həyata keçiriləcək. Bu, Azərbaycanın ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti tərəfindən birgə hazırlanmış ikili proqramdır. Proqramın məzunları hər iki universitetdən dərəcə alacaqlar.
“Biz ADA Universitetinin öz təcrübəsini dünyanın aparıcı beynəlxalq universitetlərindən biri olan Corc Vaşqinqton Universitetinin təcrübəsi ilə birləşdirərək ölkədə böyük tələbat olan bir sahədə yeni magistr proqramına dəstək verməkdən böyük məmnunluq duyuruq. Bu, Azərbaycanda ilk dəfə olaraq kompüter elmləri və data analitikası üzrə elmi dərəcə verən proqram olacaq”, deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
Onun sözlərinə görə, bir neçə il bundan əvvəl BP və tərəfdaşları ADA Universitetində Data Analizi üzrə Tədqiqat Mərkəzinin (CeDAR) yaradılmasına dəstək verib: “Bu dəstəyin məqsədi ADA universitetinin ölkədə data analitikası üzrə yüksək keyfiyyətli kadrlar, alimlər və mühəndislər tələb edəcək yeni sektorun inkişafına yönəlmiş təşəbbüsünə imkan yaratmaq idi. Ümid edirik ki, BP və tərəfdaşlarının maliyyələşdirəcəyi bu yeni magistr proqramı data analitikası üzrə potensialın inkişaf etdirilməsinə təkan verəcək”.
Proqram beş semestr tədris olunacaq və bunun üç semestri Bakıda, iki semestri isə Vaşinqtonda keçiriləcək. Vaşinqtondakı dərslər Corc Vaşinqton Universitetində Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin (SEAS) dünya səviyyəli auditoriyalarında aparılacaq.
Bütün iştirakçıların təhsil haqları və digər xərcləri proqram tərəfindən maliyyələşəcək.
Layihənin dəyəri təxminən 6 mln. manatdır və bunun təxminən 3,4 mln. manatını BP və onun əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları maliyyələşdirəcək.
Proqram üzrə dərslər 2020-ci akademik ilində başlayacaq.
©Report