Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.
Təhsil Nazirliyindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Transfer.edu.az portalı vasitəsilə köçürülmək üçün ümumilikdə 3083 nəfər müraciət edib.
Onlardan 2266 nəfərin müraciəti müsbət cavablandırılıb:
“Ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edən 2668 nəfərdən 1915 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən tələbələrdən 1858-ni bakalavriatura, 17-ni magistratura səviyyəsi üzrə, 40-nı isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir”.
“Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 415 nəfərdən 351 nəfərin müraciəti müsbət cavablandırılıb”, - deyə nazirlikdən qeyd edilib.
Xatırladaq ki, 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə indiyədək ümumilikdə səkkiz mindən çox tələbənin köçürülməsi həyata keçirilib.