Təhsil Nazirliyi təhsil proqramı (kurikulum) ətrafında gedən müzakirələr haqqında məsələyə münasibət bildirib.
Nazirlikdən bildirilib ki, kurikulum nəyi və necə öyrətməyi, həmçinin, qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir.
Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır.
Proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti vahid istiqamətdə həyata keçirmək mümkün deyildir. Çünki həmin sənəd əsasında dərsliklər, metodik vəsaitlər hazırlanır, təlimin təşkili istiqamətləndirilir və s.
Təhsil proqramları məktəbin, təhsilin tarixi boyu həmişə olmuşdur. Belə ki, təlim prosesində nəyin tədris olunması, onun şagirdlərə aşılanması, nəticələrin qiymətləndirilməsi hər zaman problem olaraq təhsillə məşğul olan insanları düşündürmüş və müvafiq proqramların hazırlanmasını tələb edib. Bu, cəmiyyətin təhsil ehtiyaclarını tənzim edən normativ sənəd kimi meydana çıxıb.
Ölkəmizdə, həmişə olduğu kimi, bu gün də təhsil proqramlarından istifadə edilir. Lakin bu proqramlar daimi xarakter daşımır. Onlar dövri olaraq cəmiyyətin ehtiyac və tələblərinə uyğun dəyişir. Necə ki, hazırda ölkəmizdə olan standart və təhsil proqramlarının təkmilləşdirilməsi üzərində iş aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə kurikulumun ləğvi edilməsi və ya formatının dəyişdirilməsi ilə bağlı məlumatlar paylaşılır.
©Oxu.az