Elm

19 Dekabr

Macarıstanda pulsuz təhsil almaq istəyənlər üçün tələb olunan sənədlər və şərtlər

Macarıstan 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir.

Fins.az AzEdu.az-a istinadən  təqaüd proqramı haqqında ətraflı məlumatları təqdim edir:

Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub:

Tam bakalavriat və magistratura təhsil proqramları üzrə

Kənd təsərrüfatı, su idarəetməsi - 10 təqaüd;

Təbiət elmləri, davamlı inkişaf - 20 təqaüd,

Turizm - 15 təqaüd;

Mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 75 təqaüd;

İqtisadiyyat, biznes və idarəetmə elmləri - 55 təqaüd;

-doktorantura təhsili üzrə

İstənilən maraq dairəsi üzrə - 25 təqaüd.

 Tələbələr üçün nəzərdə tutulmuş təqaüd Macarıstan tərəfindən aşağıdakı xərcləri əhatə edir:

 - ödənişsiz təhsil;

- universitet yataqxanasında yaşayış;

- tibbi sığorta;

- aylıq təqaüd.

Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

- Bakalavriat və magistratura proqramları üçün aylıq 43,700 Macarıstan forinti;

- Doktorantura proqramları üçün təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti.

Diqqət: Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.

Macar dilində ali təhsilə başlamazdan əvvəl tələbələr bir illik hazırlıq kursu keçməlidirlər.

İngilis dilində proqramlar üçün müraciət edən tələbələr ev sahibi olan təhsil müəssisəsi və Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş səviyyədə müvafiq ingilis dili biliyinə malik olmalıdırlar.

Müraciət forması və tarixlər:

  1. Təqaüd proqramına sənəd qəbulu 3 yanvar 2020-ci il saat 23:59-a kimi aparılacaq.
  2. Təqaüd proqramına müraciət edəcək iddiaçılar hər iki ölkənin müvafiq electron ərizə sisteminə müraciət etməlidir: 1-ci Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq edilməlidir: //apply.stipendiumhungaricum.hu/

2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət edilməlidir (03.01.2020/23:59-dək): //app.htp.edu.az/

  1. Hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar;
  2. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt vasitəsilə bildiriləcək;
  3. Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaq;
  4. Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;
  5. Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur;
  6. Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Macarıstan tərəfinə (TPF) təqdim ediləcək;
  7. Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Macarıstan tərəfinə göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə seçim sıralamasına uyğun olaraq (1,2) göndəriləcək;

*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaq.

10.Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2020-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir;

Qeyd: 2020/21-ci tədris ili üzrə təqaüd qazanmış şəxslər fors-major (xüsusi və gözlənilməz) hallar istisna olmaqla, Təhsil Nazirliyi və Tempus Fondunun razılığı olmadan, təhsillərini növbəti semestrə və ya akademik ilə təxirə sala bilməzlər.

Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar

Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:

  1. Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 2 ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur);
  2. İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;
  3. Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 450, digər sahələr üzrə ən azı 550 bal toplamalıdırlar;
  4. Dövlət İmtahan Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların attestat və ya orta ixtisas diplomu üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 5 ballıq sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 71 baldan aşağı olmamalıdır;
  5. DİM (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən gənclərin akademik göstəricilərini sübut edən, beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75 faizindən az olmamalıdır;
  6. Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50 faizdən çoxunu tamamlamamış olmalıdır;
  7. Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır.
  8. Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikat balı minimum 6.0 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla), magistratura və doktorantura səviyyələri üzrə 6.5 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla) və ya digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil etməlidir;
  9. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcək;

10.“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.

Tələb olunan sənədlər:

  1. Macarıstan təqaüd proqramı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin electron ərizələrinin (təsdiqlənmiş) surətləri (müsahibə mərhələsi üçün);
  2. Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV (namizədin şəkli əlavə olunmalı, təhsil almaq üçün müraciət etdiyi dildə və ya ingilis dilində hazırlanmalı);
  3. Təhsil alacağınız ixtisas və Macarıstanda təhsillə bağlı məqsəd və gözləntiləriniz barədə minimum 1 səhifədən ibarət qısa xülasə (Times New Roman 12 şrifti ilə ingilis və ya macar dilində yazılmış);
  4. Xarici dil sertifikatı;
  5. Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada tərcümə və təsdiq olunmuş)
  6. bakalavriat təhsil səviyyəsi üçün orta təhsili bitirmə haqqında sənəd (attestat);
  7. magistratura təhsil səviyyəsi üçün bakalavr diplomu və transkript;
  8. doktorantura təhsil səviyyəsi üçün bakalavriat və magistratura diplomu və transkriptlər;

Qeyd: I-II təhsil illərində oxuyan şəxslər təhsil aldıqlarına dair müvafiq arayış və transkript təqdim etməlidirlər.

QEYD: Sadalanmış ali təhsil sənədlərindən hər hansısa birini (bakalavr və ya magistr diplomu) namizəd xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd təqdim etməlidir.

  1. QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış (ingilis və ya macar dilində təqdim olunmuş və ya notarial qaydada tərcümə təsdiq olunmuş) Qeyd: 1 noyabr 2019-cu il tarixindən sonra alınan arayışlar;
  2. Şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun surəti;
  3. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
  4. İki ədəd tövsiyə məktubu.

 Doktorantura proqramı üçün müraciət edən namizədlər aşağıdakı sənədləri əlavə olaraq təqdim etməlidirlər:

10.Tədqiqat işi (minimum 2 səhifə, Times New Roman 12 şrifti ilə, təhsil almaq üçün müraciət etdiyi dildə yazılmış).

Qeyd: Müsahibə mərhələsinə dəvət olunan şəxslər yalnız Təhsil Nazirliyinin Elektron Ərizə Sisteminə yüklədikləri sənədlərin surətini və hər iki (Macarıstan və Azərbaycan) elektron ərizənin surətlərini gətirməlidirlər.

  1. Elmi rəhbərdən müvafiq arayış – (Namizədin qəbul olunduğu ali təhsil müəssisəsində müvafiq “supervisior”dən ona elmi rəhbərlik edəcəyinə dair sənəd əldə olunmalı və aidiyyəti üzrə elektron sistemlərə yükləməlidir).

İstisna hallarda aşağıda qeyd olunmuş tələb olunan sənədlərin sonradan göndərilməsi mümkündür:

- tam orta təhsili bitirmə haqqında sənəd: tam orta təhsil səviyyəsində sonuncu yarımillikdə təhsil alanlar üçün;

- bakalavr diplomu: bakalavriat təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün;

- magistr diplomu: magistratura təhsil səviyyəsində sonuncu semestrdə təhsil alanlar üçün;

Qeyd olunan çatışmayan sənədlər 1 avqustdan gec olmayaraq təqdim olunmalıdır.

Diqqət! Sadalanmış sənədlərdən hərbi möhlət hüququnu təsdiq edən sənəd (eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər üçün) və ali təhsil sənədinin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd (xarici ali təhsil müəssisələrinin məzunları üçün) Təhsil Nazirliyinin elektron ərizə sistemi üzərindən 30.01.2020-ci il tarixinədək elektron qaydada təqdim olunmalıdır.

Qeyd 1: Müraciət edən namizədlərin yaşı 18 yaşdan (01 sentyabr 2002-ci ildən əvvəl doğulmuş olmalıdır) aşağı olmamalıdır (“Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı”nın tələbinə əsasən, müvafiq tədris ilində 01 sentyabr tarixinə qədər 18 yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına müraciət edə bilməzlər).

Qeyd 2: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Təhsil Nazirliyinin electron ərizə sistemi iddiaçılara yalnız bir təqaüd proqramına müraciət etməyə icazə verir.

Qeyd 3: Poçt və ya elektron poçt vasitəsilə sənədlərini Təhsil Nazirliyinə göndərən şəxslərin sənədləri nəzərə alınmayacaq. Seçim prosesində YALNIZ sənədlərini Macarıstan təqaüd proqramının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemləri vasitəsilə təqdim etmiş şəxslərin sənədlərinin qiymətləndirilməsi aparılacaq.

Qeyd edək ki, təqaüd proqramı ilə bağlı suallarınızı [email protected]  elektron poçtuna ünvanlaya bilərsiniz.