Finss.az - Bu günlərdə Astanada keçirilən rəsmi toplantıda Qasım-Jomart Tokayev hakimiyyət strukturlarının sosial sahədəki fəaliyyətini qiymətləndirən çıxış edib. Prezident nazirlikləri sərt şəkildə tənqid etməklə yanaşı, islahatların sürətləndirilməsi və məsuliyyət mexanizmlərinin gücləndirilməsi tələbini dilə gətirib.
Tokayev bildirib ki, sosial sahədə maliyyə və idarəetmə problemləri genişmiqyaslı dələduzluq və israfçılıq halları ilə müşahidə olunur. O qeyd edib ki, səhiyyə sistemində 30-dan çox əlaqəsiz informasiya sistemi fəaliyyət göstərir ki, bu da nəzarəti çətinləşdirir və sui-istifadə üçün şərait yaradır. Prezident hökumətə bütün proseslər üzərində tam nəzarəti təmin edəcək vahid dövlət tibbi informasiya sisteminin yaradılmasını tapşırıb.
Dövlət başçısı Sosial Tibbi Sığorta Fondunda məlumatların saxtalaşdırılması və şişirdilməsi faktlarının aşkarlandığını vurğulayıb və ilin sonuna qədər sığorta fəaliyyətinin tam rəqəmsallaşdırılmasını tələb edib. O, bu sahədə aşkar olunmuş qanun pozuntularının bütün detalları ilə araşdırılmasını prokurorluq və digər səlahiyyətli qurumlara tapşırdığını, istintaq prosesinə isə şəxsən nəzarət edəcəyini bildirib.
Tokayev təhsil sahəsində də fırıldaqçılıq halları ilə bağlı narahatlığını ifadə edib və qanunu pozanların layiqli cəza almalı olduğunu vurğulayıb. Eyni zamanda, milli şirkətlərin və “Samruk-Kazına” fondunun rəhbərliyini tənqid edərək struktur və idarəetmədə səmərəsizlik, eləcə də rəhbər heyətin həddindən artıq çoxluğu məsələsinə diqqət çəkib. O, iş yükü az olan bəzi idarəçilərin fəaliyyətsizliyindən narazılığını ifadə edib.
Müşahidələr göstərir ki, Prezidentin çıxışı yalnız sərt tənqid deyil, həm də sosial sektorda yeni islahat yönümlü siyasət xəttinin ifadəsidir. Tokayev dövlətin əsas prioritetinin vətəndaşların sağlamlığı və rifahı olduğunu bildirib və səhiyyə ilə sosial təminat sistemindəki pozuntuları ciddi problem kimi qiymətləndirib.
Prezident rəqəmsal inteqrasiyanın gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb və bunu korrupsiya və sui-istifadə risklərinin azaldılması üçün effektiv vasitə kimi dəyərləndirib. O qeyd edib ki, şəffaf və hesabatlı idarəetmə modeli sosial xidmətlərin keyfiyyətinin artırılmasına və ölkənin müasir dövlət sisteminə keçidinə xidmət edir.
Nəticə etibarilə, Tokayevin çıxışı dövlət idarəetməsində səmərəsizliyə və sui-istifadəyə yol verilməyəcəyini nümayiş etdirir və uzunmüddətli strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Prezident sosial sahədə baş verən problemlərə şəxsən diqqət yetirməklə, vətəndaşların rifahı və ölkənin davamlı inkişafı ilə bağlı strateji prioritetləri açıq şəkildə ortaya qoyub.
Qəvami Sadıqbəyli / Azərbaycan
