DÜNYA

11 Fevral

Avropa Parlamenti rəqəmsal avronun onlayn və oflayn buraxılışını dəstəklədi

Finss.az - Avropa Parlamenti həm onlayn, həm də oflayn rejimdə rəqəmsal avronun tətbiqinə yaşıl işıq yandırıb.

Qərar Avropa Mərkəzi Bankının mövqeyinə uyğundur və ECON komitəsində keçiriləcək əsas müzakirələr öncəsi layihənin irəliləməsinə təkan verir.

Parlament hesab edir ki, rəqəmsal avro Aİ-nin pul suverenliyini möhkəmləndirəcək, pərakəndə ödəniş bazarındakı parçalanmanı azaldacaq və vahid bazarın dayanıqlığını artıracaq. Sənəddə vurğulanır ki, ödəniş infrastrukturu yalnız qeyri-Avropa özəl şirkətlərinin nəzarətində qalmamalıdır.

Məsələ xüsusilə Visa və Mastercard-dan asılılıq fonunda aktuallaşıb. 2022-ci ildə avrozonada əməliyyatların təxminən üçdə ikisi bu iki şirkətin payına düşüb. Avropa bankları isə alternativ olaraq Wero kimi yerli ödəniş sistemlərini inkişaf etdirməyə çalışır.

Əgər Avropa Parlamenti və üzv dövlətlər arasında razılaşma əldə olunarsa, AMB 2027-ci ildə pilot mərhələyə başlaya, 2029-cu ildə isə rəqəmsal avronun tam tətbiqi mümkün ola bilər.