Finss.az - Avropa ABŞ-ın ödəniş xidmətləri olan Visa və Mastercard-dan asılılığını “təcili qaydada” azaltmalıdır.
Bu barədə Avropa Ödəniş Təşəbbüsünün (EPI – European Payments Initiative) rəhbəri Martina Veymert Financial Times nəşrinə açıqlamasında bildirib.
Veymertin sözlərinə görə, Visa və Mastercard-ın Avropa bazarında dominant mövqeyi ABŞ-la münasibətlərin pisləşəcəyi təqdirdə Avropa İttifaqına qarşı alət kimi istifadə oluna bilər. O vurğulayıb ki, Aİ-də daxili ödəniş həlləri mövcud olsa da, beynəlxalq səviyyədə fəaliyyət göstərən alternativ xidmətlər çatışmır.
Financial Timesın Avropa Mərkəzi Bankının (AMB) hesabatına istinadən yazdığına görə, 2022-ci ildə Avrozonada həyata keçirilən bütün ödəniş əməliyyatlarının təxminən üçdə ikisi Visa və Mastercard-ın payına düşüb. Aİ-yə üzv 13 ölkədə isə ABŞ mənşəli qlobal ödəniş sistemlərinə milli alternativlər ümumiyyətlə mövcud deyil. Digər ölkələrdə isə bu cür xidmətlərdən istifadə tədricən azalır.
Avropa rəsmilərini xüsusilə nağdsız ödənişlərin payının artması fonunda Visa və Mastercard-ın üstün mövqeyi narahat edir. Qəzet yazır ki, maliyyə sektoru Aİ üçün kritik sahələrdən biridir və Brüssel bu istiqamətdə ABŞ-dan həddindən artıq asılı vəziyyətə düşməkdən ehtiyat edir. Nümunə olaraq, Belçikanın təhlükəsizlik xidmətinin rəhbərinin “Amerika texnologiya şirkətlərinin dominantlığı səbəbindən Avropa interneti itirib” fikri xatırladılır.
Mövcud vəziyyəti dəyişmək məqsədilə 2024-cü ildə BNP Paribas və Deutsche Bank da daxil olmaqla EPI-yə üzv banklar Apple Pay-ə bənzər Wero adlı ödəniş xidmətini istifadəyə veriblər. Hazırda xidmətin Belçika, Fransa və Almaniyada 48,5 milyon istifadəçisi var. Şirkət 2027-ci ilə qədər Wero-nun onlayn seqmentdə istifadəsini genişləndirməyi planlaşdırır.
Bununla yanaşı, Avropa Mərkəzi Bankı özəl sektor təşəbbüslərinin, o cümlədən EPI-nin miqyasının genişləndirilməsində çətinliklərin olduğunu bildirib və Aİ daxilində rəqəmsal ödənişlər üçün rəqəmsal avro layihəsini təklif edib. Lakin bu təşəbbüs bank sektorunda müsbət qarşılanmayıb. Banklar hesab edir ki, rəqəmsal avro özəl ödəniş sistemlərinin mövqeyini zəiflədə və innovasiyaların təşviqini azalda bilər. Onların fikrincə, AMB-nin təşəbbüsü faktiki olaraq Wero-nun funksiyalarını təkrarlayır və əlavə üstünlüklər təqdim etmir.
