Finss.az - ABŞ-nin Bərabər Məşğulluq İmkanları Komissiyası (EEOC) Nike şirkəti ilə bağlı araşdırma başladıb.
Qurum şirkətin müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarını tətbiq edərkən ağdərili əməkdaşlara və işə namizədlərə qarşı ayrı-seçkiliyə yol verib-vermədiyini yoxlayır.
Associated Press-in yaydığı məlumata görə, EEOC Missuri ştatında federal məhkəmə vasitəsilə Nike-dan tələb olunan məlumatların tam təqdim edilməsinə nail olmağa çalışır. Komissiya hesab edir ki, şirkət sorğu çərçivəsində bütün məlumatları açıqlamayıb.
Tənzimləyici qurum ixtisarlar zamanı işçilərin seçilmə meyarlarının açıqlanmasını, əməkdaşların irq və etnik mənsubiyyəti barədə məlumatların necə toplanması və istifadə olunması mexanizmini, eləcə də mentorluq və karyera inkişaf proqramları barədə detalları tələb edir. Bildirilir ki, bu proqramlarda iştirakın irqi əlamətə görə məhdudlaşdırılması ehtimalı araşdırılır.
EEOC-un mövqeyinə görə, Nike işə qəbul, vəzifədə irəliləyiş və işdən çıxarma proseslərində, həmçinin təlim proqramlarında ağdərili əməkdaş və namizədlərə fərqli yanaşma tətbiq etmiş ola bilər.
Nike isə komissiyanın addımını “qeyri-adi eskalasiya” kimi qiymətləndirib. Şirkət tənzimləyici ilə əməkdaşlıq etdiyini və artıq geniş həcmdə məlumat təqdim etdiyini açıqlayıb. Şirkət nümayəndəsi Nike-ın bərabərlik prinsiplərinə sadiq olduğunu və ittihamları əsassız saydığını bildirib.
Araşdırma federal qurumların korporativ DEI təcrübələrinə nəzarəti gücləndirdiyi bir dövrə təsadüf edir. Prezident Donald Tramp administrasiyası daha əvvəl bu tip təşəbbüslərin əks diskriminasiya yaradıb-yaratmadığının yoxlanılacağını bəyan edib. AP-nin məlumatına görə, 2025-ci ilin noyabrında EEOC maliyyə xidmətləri şirkəti olan Northwestern Mutual barədə də oxşar hüquqi addım atıb.
