DÜNYA

04 Fevral

Qazaxıstanın Almaniyaya neft tədarükü 2,4 dəfə artıb

Finss.az - 2026-cı ilin yanvar ayında Qazaxıstan Almaniyaya neft ixracını kəskin artırıb.

“KazTransOyl” milli şirkətinin məlumatına görə, “Dostluq” neft kəməri vasitəsilə “Adamova Zastava” məntəqəsindən Almaniya istiqamətində 310 min ton neft nəql olunub.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar ayında bu göstərici 127 min ton təşkil etmişdi. Beləliklə, illik müqayisədə nəql həcmi 2,4 dəfə yüksəlib.

İllik göstəricilərə görə, 2025-ci ildə Qazaxıstandan Almaniyanın Şvedt şəhərində yerləşən neft emalı zavoduna ümumilikdə 2,1 milyon ton xam neft tədarük edilib. 2026-cı il üzrə plan isə daha yüksəkdir — tədarük həcminin 2,5 milyon tona çatdırılması gözlənilir.

Qazaxıstan Almaniya bazarına neft ixracını 2023-cü ildən etibarən “Transneft”in magistral boru kəmərləri sistemi üzərindən həyata keçirir. Bu marşrut Avropaya alternativ tədarük kanalı kimi qiymətləndirilir.