DÜNYA

03 Fevral

Tramp ABŞ-da kritik minerallar üzrə strateji ehtiyat yaradılması üçün 12 mlrd dollarlıq layihə təqdim edib

Finss.az - ABŞ Prezidenti Donald Tramp kritik əhəmiyyətli faydalı qazıntılar və nadir torpaq metalları üzrə strateji ehtiyatın yaradılmasını nəzərdə tutan təxminən 12 milyard dollarlıq layihə təqdim edib.

Bu barədə The New York Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp bildirib ki, administrasiya son bir ildə ABŞ-ın kritik minerallar və nadir torpaq metalları ilə təminatını gücləndirmək üçün genişmiqyaslı addımlar atıb.

Layihənin maliyyələşməsi 1,67 milyard dollar həcmində özəl vəsait və ABŞ-ın İxrac-İdxal Bankının ayırdığı 10 milyard dollarlıq kredit hesabına formalaşacaq. Bankın direktorlar şurası krediti bazar ertəsi günü təsdiqləyib.

“Anbar” (Storage) adlanan layihə çərçivəsində ABŞ istehsalçıları üçün nadir torpaq metalları satın alınacaq və saxlanılacaq. Məqsəd daxili istehsal zəncirini gücləndirmək və şirkətləri xammal çatışmazlığı riskindən qorumaqdır.

Bu addım Çinin maqnit ixracına tətbiq etdiyi məhdudiyyətlər fonunda atılır. Həmin məhdudiyyətlər avtomobil sənayesi, robot texnologiyaları, yarımkeçiricilər, dronlar və digər yüksək texnologiyalı məhsullar üçün zəruri komponentlərin qıtlığına səbəb olub.

Kreditin təminat mexanizmi hələ açıqlanmayıb. Tramp isə qeyd edib ki, kredit üzrə faiz gəlirləri hesabına ABŞ vergiödəyicilərinin qazanc əldə edəcəyini gözləyir.

The New York Times-ın mənbəsinə görə, layihədə iştirak edən şirkətlər sırasında General Motors, Stellantis, Boeing və Google yer alır.

Layihə həmçinin nadir torpaq metalları bazarında qiymət volatilliyinin təsirini azaltmağa yönəlib. Bu mexanizm şirkətlərə materialları özlərinin saxlamasına ehtiyac qalmadan ehtiyatlara çıxış imkanı verəcək və uzunmüddətli alış öhdəliklərini daha rahat planlaşdırmağa şərait yaradacaq.