Finss.az - İran zənginləşdirilmiş uran ehtiyatlarını ölkə xaricinə çıxarmağı planlaşdırmır, lakin müəyyən şərtlər daxilində uranın zənginləşdirilmə səviyyəsini 60%-dən 20%-ə endirə bilər. Bu barədə İranın ali dini liderinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani Al Mayadeen telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, saxlanılan materialların ölkədən çıxarılması üçün əsas yoxdur. Şamxani qeyd edib ki, əgər qarşı tərəfdə narahatlıq mövcuddursa, zənginləşdirmə səviyyəsinin azaldılması müzakirə oluna bilər, lakin bunun müqabilində konkret addımlar atılmalıdır.
Müşavir vurğulayıb ki, İranın nüvə proqramı dinc məqsədlər daşıyır və ölkənin nüvə silahı əldə etmək niyyəti yoxdur.
“İran nüvə silahına can atmır, buna cəhd etməyəcək və heç vaxt nüvə silahı toplamayacaq. Lakin qarşı tərəf bunun üçün müəyyən bədəl ödəməlidir”, — deyə Şamxani bildirib.
O həmçinin əlavə edib ki, zənginləşdirilmiş uranın dəqiq həcmi məlum deyil. Bildirilib ki, ehtiyatların bir hissəsi dağıntılar altındadır və yüksək risk səbəbindən onların çıxarılması istiqamətində hələlik təşəbbüs yoxdur.
