Finss.az xəbər verir ki, Amerika süni intellekt şirkəti OpenAI yeni iri həcmli investisiya raundu üçün danışıqlar aparır. Məlumata görə, şirkət Nvidia Corp., Microsoft Corp. və Amazon.com Inc. kimi texnologiya nəhənglərindən ümumilikdə təxminən 40 milyard dollar cəlb etməyi planlaşdırır. Sözügedən raund çərçivəsində OpenAI-nin qiymətləndirilməsinin 750 milyard dollar səviyyəsinə çatacağı bildirilir.
Mənbələrin məlumatına əsasən, Nvidia OpenAI-a təxminən 20 milyard dollar, Amazon isə 10 milyard dollar həcmində sərmayə qoya bilər. Microsoftun investisiyasının isə bir neçə milyard dollar olacağı gözlənilir.
Qeyd olunur ki, Nvidia-nın mümkün investisiyası OpenAI ilə ötən il imzalanmış çoxillik əməkdaşlıq çərçivəsində planlaşdırılan 100 milyard dollarlıq sərmayə paketinə əlavə edilə bilər. Həmin razılaşma OpenAI-ın məlumat mərkəzi tutumunun artırılmasını nəzərdə tutur və investisiyaların 10 milyard dollarlıq tranşlar şəklində həyata keçirilməsi planlaşdırılır. Mənbələr bildirir ki, mövcud müqavilənin şərtləri yenidən nəzərdən keçirilə bilər.
Analitiklər bu razılaşmanın qlobal süni intellekt bazarında güc balansına ciddi təsir göstərə biləcəyini vurğulayırlar.
