DÜNYA

29 Yanvar

Rusiyada sosial əhəmiyyətli qida məhsullarının qiymətlərinə nəzarət gücləndirilir

Finss.az xəbər verir ki, Federal Antiinhisar Xidməti (FAS Rusiya) qida məhsullarına tətbiq olunan əlavə qiymətlərlə bağlı ölkənin 11 əsas pərakəndə satış şəbəkəsinə rəsmi sorğular göndərib. Məlumat qurumun yaydığı bəyanatda yer alıb.

Bəyanata əsasən, FAS Rusiya 1 sentyabr 2025-ci ildən 31 yanvar 2026-cı ilə qədər olan dövr üzrə müəyyən qida məhsullarının orta alış və pərakəndə satış qiymətləri, həmçinin alış və satış həcmləri barədə məlumat tələb edir. Məqsəd ərzaq bazarında qiymət formalaşmasının şəffaflığını qiymətləndirməkdir.

Sorğular X5, Magnit, Dixy, Auchan, O'Key, Lenta, Metro, Monetka, Globus, Maria Ra və Azbuka Vkusa pərakəndə satış şəbəkələrinə göndərilib. Bu şirkətlər Rusiyanın ən iri supermarket operatorları sırasında yer alır.

Agentlik ümumilikdə 26 qida məhsulu kateqoriyası üzrə əlavə qiymətləri yoxlayacaq. Yoxlamaya bir sıra sosial əhəmiyyətli vacib qida məhsulları da daxildir. Bunlar arasında kərə yağı və bitki yağı, pendir, süd, yumurta, quş əti, quzu, mal və donuz əti, balıq, eləcə də tərəvəzlər – pomidor, xiyar, çuğundur, kartof, kələm, yerkökü və soğan yer alır.

Bundan əlavə, düyü, vermişel və makaron məmulatları, qarabaşaq yarması, şəkər və duz, un, çovdar çörəyi, çovdar və buğda unu qarışığından hazırlanmış çörək, eləcə də müxtəlif növ buğda unundan bişirilən çörək və çörək məhsulları da araşdırmaya cəlb olunacaq.

FAS-ın bu addımı ərzaq bazarında mümkün əsassız qiymət artımlarının qarşısının alınmasına və istehlakçı maraqlarının qorunmasına yönəlib.