Finss.az - Avropa İttifaqı (Aİ) və Hindistan çərşənbə axşamı Yeni Dehlidə keçiriləcək 16-cı Aİ–Hindistan sammiti çərçivəsində azad ticarət haqqında saziş imzalaya bilərlər.
Sammitdə Avropa İttifaqını Avropa Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Hindistan tərəfini isə Baş nazir Narendra Modi təmsil edəcək. Sammit ərəfəsində Avropa Şurasının sədri bildirib ki, Hindistan Aİ üçün strateji əhəmiyyətə malik əsas tərəfdaşlardan biridir və tərəflər qaydalara əsaslanan beynəlxalq nizamın qorunması baxımından ortaq məsuliyyət daşıyırlar.
Brüsseldə hesab edirlər ki, bu sammit Aİ–Hindistan strateji tərəfdaşlığının möhkəmləndirilməsi, eləcə də ticarət, təhlükəsizlik və müdafiə, yaşıl keçid və insanlararası əməkdaşlıq kimi əsas sahələrdə əlaqələrin genişləndirilməsi üçün mühüm imkan yaradacaq.
Strateji tərəfdaşlıq yeni mərhələyə keçir
Aİ-də gözlənilir ki, sammit son illər tərəflər arasında münasibətlərdə müşahidə olunan müsbət dinamika fonunda baş tutacaq. Xatırladaq ki, 2025-ci ilin oktyabrında Aİ Şurası Aİ–Hindistan münasibətlərinə dair yeni strateji gündəliyi təsdiqləyib. Bu sənəd əlaqələrin daha da dərinləşdirilməsini nəzərdə tutur.
Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, sammitdə rifah və dayanıqlı inkişaf, texnologiya və innovasiyalar, təhlükəsizlik və müdafiə, nəqliyyat bağlantıları və qlobal çağırışlar üzrə strateji əməkdaşlığın genişləndirilməsinə yönəlmiş birgə hərtərəfli strateji gündəlik qəbul olunacaq.
Azad ticarət sazişi diqqət mərkəzindədir
Görüş iştirakçıları azad ticarət sazişi üzrə danışıqlar kontekstində ticarət məsələlərini də müzakirə edəcəklər. Sazişin məqsədi ikitərəfli ticarət və investisiya əlaqələrinin inkişafına töhfə vermək və qarşılıqlı rifahı təmin etməkdir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Aİ ilə Hindistan arasında azad ticarət sazişi istehlakçıların əhatə dairəsinə görə tarixdə misli görünməmiş ola bilər.
“Qarşıda hələ görüləsi çox iş var. Lakin biz tarixi bir ticarət sazişinin astanasındayıq. Bəziləri bunu ‘bütün sazişlərin anası’ adlandırır. Bu, təxminən 2 milyard insanı əhatə edən və dünya ÜDM-nin təxminən dörddə birini formalaşdıran bazar yaradacaq,” – deyə fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı vurğulayıb.
O əlavə edib ki, bu saziş Avropaya dünyanın ən sürətlə inkişaf edən və dinamik iqtisadiyyatlarından biri ilə ticarət münasibətlərində ilk addım atan tərəf olmaq üstünlüyü verəcək.
Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç isə yanvarın 25-də bildirib ki, azad ticarət sazişi üzrə danışıqların uğurla yekunlaşmasına yaxınlaşılır.
Sammit ərəfəsində Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo jurnalistlərə açıqlamasında qeyd edib ki, Brüsseldə çərşənbə axşamı Hindistanla azad ticarət sazişinin imzalanacağına ümid edirlər.
Təhlükəsizlik və qlobal məsələlər də müzakirə olunacaq
Bildirilir ki, Aİ və Hindistan liderləri təhlükəsizlik və müdafiə sahəsində daha sıx əməkdaşlığa, o cümlədən bu istiqamətdə xüsusi tərəfdaşlığın yaradılmasına diqqət yetirəcəklər. Bundan əlavə, regional və qlobal məsələlər – Ukrayna və Yaxın Şərqdəki vəziyyət, Asiya-Sakit okean regionunda sabitlik və çoxtərəfli beynəlxalq sistemin rolu müzakirə olunacaq.
Aİ nümayəndə heyətinə həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da daxildir. Gözlənilir ki, o, sammit çərçivəsində Hindistanla təhlükəsizlik və müdafiə sahəsində yeni tərəfdaşlıq sazişi imzalayacaq.
