DÜNYA

26 Yanvar

Avropada sərt qış gözləntisi qaz bazarında kəskin bahalaşma yaradıb

Finss.az xəbər verir ki, yenilənmiş hava proqnozlarına əsasən, yanvar ayının sonuna qədər Avropada davamlı soyuq hava şəraiti, fevral ayında isə temperaturun mövsümi normadan təxminən 4 dərəcə aşağı olacağı gözlənilir. Bu gözləntilər Avropa qaz bazarında qiymətlərin artmasına səbəb olub.

Avropanın TTF benchmark qaz mərkəzində spot qazın qiyməti cümə günü bir ticarət sessiyası ərzində 5 faiz artaraq 1000 kubmetr üçün 495 dollar səviyyəsində bağlanıb. Bu göstərici 2025-ci ilin fevral ayından bəri qeydə alınan ən yüksək qiymət hesab olunur.

Bazarda bahalaşmanın əsas səbəblərindən biri kimi soyuq hava şəraiti fonunda qaz tələbatının artması göstərilir. Bundan əlavə, daha əvvəl Qazprom qiymətlərin sürətli yüksəlişini yalnız Avropadakı hava amili ilə deyil, həm də ABŞ-da qaz qiymətlərinin kəskin artması ilə əlaqələndirib.

Şirkətin açıqlamasına görə, Avropa bazarının ən böyük LNG tədarükçüsü olan ABŞ-da qiymət artımı, eləcə də investisiya fondlarının spekulyativ mübadilə mövqelərindəki ciddi dalğalanmalar Avropada qaz bazarında əlavə təzyiq yaradıb.

Ekspertlər bildirirlər ki, fevral ayında gözlənilən sərt hava şəraiti davam edərsə, Avropa qaz qiymətlərində volatillik daha da arta bilər.