Finss.az xəbər verir ki, Rusiyalı tərəfdaşlarına qarşı ən sərt mövqeyi ilə tanınan Almaniyanın enerji nəhəngi Uniper, Şimal Axını qaz kəməri ilə əlaqəli OPAL boru kəməri vasitəsilə həyata keçirilən qaz nəqlinə görə Qazpromdan ödəniş tələb edir.
Rusiya məhkəmə sənədlərinə əsasən, OPAL boru kəmərində 20 faiz paya sahib olan Uniper Global Commodities SE-nin törəmə şirkəti Lubmin-Brandov Gastransport GmbH, Cenevrədə yerləşən Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsində arbitraj proseduruna start verib.
İddia məbləği 45 milyon avro təşkil edir və 1 iyun 2012-ci il tarixində imzalanmış OPAL boru kəməri vasitəsilə təbii qaz nəqli müqaviləsi ilə bağlıdır. Məlumata görə, mübahisə qaz nəqli üzrə ödəniş öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, OPAL boru kəməri Şimal Axını layihəsinin quru hissəsi hesab olunur və Rusiya qazının Avropa bazarına çatdırılmasında mühüm rol oynayır. Ekspertlərin fikrincə, bu arbitraj işi Rusiya–Almaniya enerji münasibətlərinə və ümumilikdə Avropa qaz bazarına təsirsiz ötüşməyəcək.
