DÜNYA

23 Yanvar

Qlobal hesablaşmalarda dolların üstünlüyü davam edir

Finss.az xəbər verir ki, ABŞ dolları Prezident Donald Trampın siyasətinin yaratdığı qeyri-müəyyənliyə baxmayaraq, beynəlxalq maliyyə sistemində lider mövqeyini qoruyub saxlayır. Swift beynəlxalq hesablaşma sisteminin məlumatlarına əsasən, dekabr ayında beynəlxalq hesablaşmalarda dolların payı 50,5%-ə yüksəlib.

Bu göstərici Swift-in 2023-cü ildə məlumat toplama metodologiyasını dəyişdirməsindən bəri ən yüksək səviyyə hesab olunur. Müqayisə üçün qeyd edək ki, noyabr ayında dolların payı 46,8% təşkil edib.

Swift dolların mövqelərinin güclənməsini beynəlxalq hesablaşmalarda avronun istifadəsinin azalması ilə izah edir. Belə ki, avronun payı ilin ən aşağı səviyyəsi olan 21,9%-ə enib.

Ən çox istifadə edilən digər valyutalar sırasında funt sterlinq, Kanada dolları, Yapon yeni və Çin yuanı yer alır. Məlumatlara görə, Çin milli valyutasının beynəlxalq hesablaşmalardakı payı dekabr ayında 2,9%-dən 2,7%-ə düşüb.

Analitiklərin fikrincə, qlobal iqtisadi və siyasi qeyri-müəyyənliklər fonunda dollar əsas ehtiyat və hesablaşma valyutası kimi mövqeyini möhkəmləndirməkdə davam edir.