DÜNYA

23 Yanvar

Qlobal risklər qızılı gücləndirdi

Finss.az xəbər verir ki, ABŞ və Avropa arasında Qrenlandiya məsələsi ilə bağlı gərginliyin azaldılmasına dair açıqlamalara baxmayaraq, qızıl qiymətləri cümə axşamı günü artımını davam etdirib. Qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik və təhlükəsiz aktivlərə tələbin artması qiymətli metalın bahalaşmasına səbəb olub.

Fevral ayı üçün qızıl fyuçersləri Moskva vaxtı ilə saat 19:37-yə olan məlumata görə 0,88% artaraq troya unsiyası üçün 4880 dollara yüksəlib. Bununla da qızıl ardıcıl üçüncü sessiya üzrə yeni rekord səviyyədə bağlanmağa hazırlaşır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp çərşənbə günü Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ-ın Danimarkadan Qrenlandiyanı almaq üçün dərhal danışıqlara başlamaq istədiyini, lakin adanı ələ keçirmək məqsədilə hərbi gücdən istifadə etməyi planlaşdırmadığını bildirib.

Analitiklərin fikrincə, geosiyasi risklər, qlobal iqtisadi qeyri-müəyyənlik və investorların təhlükəsiz aktivlərə yönəlməsi qızıl bazarında yüksəliş tendensiyasını dəstəkləməkdə davam edir.