DÜNYA

23 Yanvar

ABŞ-da xam neft ehtiyatları gözləntiləri üstələdi

Finss.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin açıqladığı həftəlik hesabata əsasən, ötən həftə ölkənin kommersiya xam neft ehtiyatları 3,602 milyon barel artıb. Bu göstərici bazar gözləntilərini əhəmiyyətli dərəcədə üstələyib.

Trading Economics-in məlumatına görə, analitiklər xam neft ehtiyatlarında orta hesabla 1,1 milyon barel artım proqnozlaşdırırdılar. Açıqlanan rəqəmlər neft bazarında təklifin artdığını və qiymətlər üzərində təzyiqin güclənə biləcəyini göstərir.

Hesabat dövründə, 16 yanvarda bitən həftə ərzində, ABŞ-da benzin ehtiyatları 5,98 milyon barel, distillə edilmiş yanacaq ehtiyatları isə 3,35 milyon barel artım göstərib. Halbuki ekspertlər benzin ehtiyatlarının 1,7 milyon barel artacağını, distillə edilmiş yanacaq ehtiyatlarının isə 200 min barel azalacağını gözləyirdilər.

Bundan əlavə, Nyu-York Ticarət Birjasında (NYMEX) ticarət edilən xam neftin saxlandığı Kuşinq terminalında ehtiyatlar 1,478 milyon barel artıb. Qeyd edək ki, əvvəlki həftə bu göstərici 745 min barel artım təşkil etmişdi.

Məlumatlar ABŞ-da enerji ehtiyatlarının artmaqda davam etdiyini və qlobal neft bazarında qiymət dinamikasına təsir göstərə biləcəyini göstərir.