Finss.az xəbər verir ki, Qrenlandiya ətrafında yaranan geosiyasi narahatlıqların davam etməsi fonunda qızıl qiymətləri çərşənbə günü kəskin şəkildə yüksəlib.
Moskva vaxtı ilə saat 19:36-da qızılın fevral fyuçersləri 1,8% bahalaşaraq bir troya unsiyası üçün 4847 dollar səviyyəsinə çatıb. Bu göstərici qızıl bazarı üçün yeni tarixi rekord hesab olunur.
Analitiklərin fikrincə, qlobal risklərin artması investorları daha çox təhlükəsiz aktivlərə, xüsusilə qızıla yönəldir ki, bu da qiymətlərin sürətli artımına səbəb olur.
Eyni zamanda, digər qiymətli metal olan gümüş bazarda fərqli dinamika nümayiş etdirib. Belə ki, gümüşün qiyməti 1,15% ucuzlaşaraq unsiya üçün 93,55 dollar təşkil edib. Qeyd edək ki, bir gün əvvəl gümüş qiyməti bütün zamanların ən yüksək səviyyəsinə yüksələrək 94,636 dollar ilə ticarəti başa vurmuşdu.
Mütəxəssislər yaxın günlərdə qiymətli metallar bazarında volatilliyin davam edəcəyini istisna etmirlər.
