DÜNYA

21 Yanvar

Qlobal bazarda uran bahalaşdı

Finss.az xəbər verir ki, qlobal bazarda uranın qiyməti artmaqda davam edir. Uzunmüddətli tələbatın yüksəlməsi və investisiya fondlarının aktiv alışları fonunda uranın qiyməti funt başına 85,25 dollara çatıb. Bu göstərici son 17 ayın ən yüksək səviyyəsi kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ hökuməti nüvə yanacağının daxili istehsalını artırmaq məqsədilə zənginləşdirmə zavodlarının tikintisi üçün icazə tələblərini yumşaldıb və yeni nüvə gücü layihələrinin həyata keçirilməsini planlaşdırır. Bu addımlar, xüsusilə Rusiya nüvə yanacağına qarşı tətbiq edilən sanksiyalardan sonra yaranan tədarük boşluğunu kompensasiya etməyə yönəlib.

Nəşr qeyd edir ki, bu çərçivədə Cameco və Centrus şirkətləri ilə bağlanan müqavilələr Rusiyadan uran idxalının azalmasının təsirini azaltmaq məqsədi daşıyır. Paralel olaraq, nüvə enerjisinə və yüksək enerji tələbi olan məlumat mərkəzlərinə yatırımların artacağına dair gözləntilər uran bazarına marağı daha da gücləndirib.

Trading Economics-in məlumatına əsasən, dünyanın ən böyük uran fondu olan Spott son olaraq 100 min funt uran almaq üçün müqavilə bağlayıb. Analitiklər hesab edirlər ki, mövcud tendensiya davam edərsə, uran qiymətlərində artım yaxın dövrdə də davam edə bilər.