DÜNYA

19 Yanvar

Rusiyada Benzin Qiymətləri Ardıcıl İkinci Ay Azalıb

Finss.az xəbər verir ki, Rosstat-ın məlumatına əsasən, 2025-ci ilin dekabr ayında Rusiyada istehlak benzininin qiymətləri əvvəlki ayla müqayisədə 0,43% azalaraq ucuzlaşmağa davam edib. Qeyd edək ki, noyabr ayında da benzin qiymətlərində 0,85% azalma qeydə alınmışdı.

Bundan əvvəl isə ilin böyük hissəsində benzin qiymətlərində ardıcıl artım müşahidə olunub. Belə ki, oktyabr ayında qiymətlər 2,63%, sentyabrda 2,58%, avqustda 1,81%, iyulda 1,37%, iyunda 0,66%, mayda 0,29%, apreldə 0,6%, martda 0,55%, fevralda 0,51%, yanvarda isə 0,62% artmışdı.

Rosstat bildirir ki, 2025-ci il üzrə istehlak benzininin qiymət artımı 10,78% təşkil edib. Bu göstərici illik ümumi inflyasiya səviyyəsindən (5,59%) təxminən iki dəfə yüksəkdir.

Xatırladaq ki, 2024-cü ildə Rusiyada istehlak benzininin qiymətləri illik ümumi inflyasiyanı (9,52%) cüzi üstələyərək 11,13% artmışdı.

Eyni zamanda, dizel yanacağının qiymətlərində artım tendensiyası davam edir. 2025-ci ilin dekabr ayında dizel yanacağının qiyməti əvvəlki ayla müqayisədə 0,8% yüksəlib. Noyabr ayında bu artım 1,7%, oktyabrda 2,1%, sentyabrda 1,5%, avqustda isə 0,2% təşkil etmişdi.

Mütəxəssislərin fikrincə, benzin qiymətlərində qısamüddətli azalma müşahidə olunsa da, yanacaq bazarında ümumi inflyasiya təzyiqi hələ də qalmaqdadır.