Finss.az xəbər verir ki, Google-ın ana şirkəti olan Alphabet Inc. bazar ertəsi günü keçirilən ticarət sessiyasında bazar dəyərini 4 trilyon dollardan yuxarı qaldıraraq texnologiya sektorunda mühüm rekorda imza atıb.
Ticarət zamanı Alphabet-in səhmləri 1,7% bahalaşaraq 334,04 dollar səviyyəsinə yüksəlsə də, sessiyanın sonuna doğru 0,2% azalma qeydə alınıb. Şirkətin bazar dəyəri 2025-ci illə müqayisədə 65% artım göstərib ki, bu da investorların süni intellekt və bulud texnologiyalarına olan marağının gücləndiyini göstərir.
CNBC-nin məlumatına görə, Apple şirkəti Siri səs köməkçisində Alphabet-in Gemini süni intellekt modelindən istifadə etmək qərarına gəlib. Media mənbələri daha əvvəl bu əməkdaşlığın Alphabet-ə ildə təxminən 1 milyard dollar gəlir gətirə biləcəyini bildirmişdi.
Qeyd edək ki, bundan əvvəl Nvidia, Microsoft və Apple 4 trilyon dollarlıq bazar dəyəri həddini aşan şirkətlər sırasında yer alıb. Hazırda Nvidia-nın bazar dəyəri 5 trilyon dollardan çox qiymətləndirilir və texnologiya nəhəngləri arasında lider mövqedədir.
