DÜNYA

12 Yanvar

ABŞ sanksiyalarından sonra NIS istehsalı bərpa edir

Finss.az xəbər verir ki, Serbiyanın NIS neft şirkəti Pançevo neft emalı zavodu üçün JANAF boru kəməri vasitəsilə xam neft idxalı məqsədilə müqavilə imzalayıb. Bu addım zavodda istehsalın bərpa olunmasına şərait yaradıb.

Şirkətin məlumatına görə, xam neftin ilk partiyalarının gələn həftə Pançevo neft emalı zavoduna çatdırılması gözlənilir. Eyni zamanda, NIS əlavə həcmlərin idxalını da planlaşdırır. Mövcud təchizat dinamikasına əsasən, zavodun mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayının əvvəlində ABŞ sanksiyaları nəticəsində yaranan neft çatışmazlığı səbəbindən Pançevo neft emalı zavodunda istehsal dayandırılmışdı. Lakin dekabrın 31-də NIS ABŞ Maliyyə Nazirliyindən xüsusi lisenziya əldə edib.

Bu lisenziya şirkətə 23 yanvar 2026-cı il tarixinədək sanksiyalar tətbiq olunmadan fəaliyyətini davam etdirməyə imkan verir. Analitiklərin fikrincə, NIS-in istehsalı bərpa etməsi Serbiya və ümumilikdə Balkan regionunun enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.