Finss.az xəbər verir ki, çərşənbə axşamı keçirilən ticarətdə mis qiymətləri yeni tarixi rekorda imza atıb, nikel isə İndoneziyada istehsalın məhdudlaşdırılması ilə bağlı xəbərlər fonunda son 15 ayın ən yüksək səviyyəsinə yüksəlib.
London Metal Birjasında (LME) üç aylıq çatdırılma üçün mis fyuçersləri 3,1% artaraq ton üçün 13.387,50 dollar təşkil edib. Beləliklə, 2026-cı ilin əvvəlindən bəri mis qiymətləri artıq 6,6% bahalaşıb və bazar ertəsi günü ilk dəfə ton üçün 13.000 dollar həddini keçib.
Analitiklər mis bazarında qiymət artımını struktur təklif məhdudiyyətləri və tələb tərəfinin sürətli artımı ilə əlaqələndirirlər. Xüsusilə elektrikləşdirmə layihələri və məlumat mərkəzlərinə yatırımlar misə olan tələbi gücləndirir.
ING bankının analitiki Eva Manthey bildirib ki, mis qiymətlərinin 13.000 dollardan yuxarı qalxması bazarda artan balanssızlığın nəticəsidir. Onun sözlərinə görə, uzun illərdir davam edən mədən problemləri, eləcə də investisiya çatışmazlığı mis bazarını manevr imkanlarından demək olar ki, məhrum edib.
Ekspertlər hesab edirlər ki, mövcud tendensiya qlobal metal bazarlarında qiymət volatilliyini daha da artıracaq.
