Finss.az xəbər verir ki, bazar ertəsi günü qlobal neft bazarlarında qiymətlər aşağı düşüb. Buna səbəb investorların Venesuelada ötən həftəsonu baş verən dramatik hadisələrin mümkün təsirlərini dəyərləndirməsi olub.
Məlumata görə, 3 yanvar tarixində ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada xüsusi əməliyyat keçirərək ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb. ABC News-un yaydığı məlumata əsasən, Maduro bazar ertəsi günü Manhettendə yerləşən federal məhkəmədə çıxış edəcək. Onun narkotiklərlə bağlı ittihamlar üzrə mühakimə olunacağı və bu ittihamların bir neçə ömürlük həbs cəzası ilə nəticələnə biləcəyi bildirilir.
Şənbə günü ABŞ prezidenti Donald Tramp Vaşinqtonun müvəqqəti olaraq Venesuelaya nəzarəti ələ keçirəcəyini açıqlayıb. O, eyni zamanda ABŞ-ın Venesuela neftinə tətbiq etdiyi embarqonun qüvvədə qalacağını da vurğulayıb.
Qeyd edək ki, Venesuela bir vaxtlar dünyanın ən böyük neft istehsalçılarından biri olsa da, son iyirmi ildə ölkədə neft hasilatı kəskin şəkildə azalıb. Bloomberg-in məlumatına görə, hazırda Venesuela qlobal neft tədarükünün 1%-dən azını təşkil edir və hasil olunan neftin əsas hissəsi Çinə ixrac olunur.
Analitiklər bildirirlər ki, Venesueladakı siyasi və hərbi gərginlik qısa müddətdə bazarlarda volatillik yaratsa da, ölkənin qlobal neft bazarındakı payının məhdud olması qiymətlərə təsiri zəiflədir.
