Finss.az xəbər verir ki, Rusiya maliyyə naziri Anton Siluanov məhkəmə qərarı əsasında dövlət mülkiyyətinə keçmiş Domodedovo hava limanının gələn ilin əvvəlində açıq hərraca çıxarılacağını açıqlayıb.
Nazirin sözlərinə görə, sözügedən aktiv üzrə hazırlıq işləri artıq başa çatmaq üzrədir və satış prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək. Anton Siluanov bu barədə “Rossiya 24” televiziya kanalına verdiyi müsahibədə danışıb.
“Bu aktiv üzərində ciddi iş aparılıb. Hesab edirəm ki, müvafiq pay sözün əsl mənasında gələn ilin əvvəlində açıq hərraca çıxarılacaq. Biz bu prosesi qanunla müəyyən edilmiş qaydalara tam uyğun şəkildə keçirəcəyik. Əminəm ki, hərrac baş tutacaq, çünki maraqlı investorlar var”, – deyə nazir bildirib.
Siluanov əlavə edib ki, Domodedovo hava limanının satışı Rusiya hökumətinin qəbul etdiyi bütün qərar və prosedurlara uyğun olaraq reallaşdırılacaq. Ekspertlərin fikrincə, bu addım Rusiya Federasiyasında dövlətə məxsus iri infrastruktur aktivlərinin özəlləşdirilməsi prosesində mühüm mərhələ hesab olunur.
