DÜNYA

29 Dekabr

ABŞ iqtisadiyyatı üçün risk siqnalları

Finss.az xəbər verir ki, SP Global Market Intelligence tərəfindən açıqlanan son məlumatlara əsasən, ABŞ-da korporativ iflasların sayı 2025-ci ildə artmaqda davam edir və bu göstərici qlobal maliyyə böhranının başa çatmasından sonra son 15 ilin ən yüksək 11 aylıq səviyyəsinə çatıb.

Məlumata görə, 2025-ci ilin əvvəlindən noyabr ayının sonuna qədər ABŞ-da azı 717 şirkət müflisləşmə üçün müraciət edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur və artıq 2024-cü ilin bütün ili üzrə qeydə alınmış iflas sayını (686) üstələyib. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ABŞ-da 828 şirkət iflas üçün müraciət etmişdi ki, bu da qlobal maliyyə böhranından sonrakı dövr üçün rekord göstərici sayılır.

Statistikaya yalnız müəyyən maliyyə meyarlarına cavab verən şirkətlər daxil edilib. Belə ki, iflas üçün müraciət zamanı aktivləri və ya öhdəlikləri ən azı 2 milyon ABŞ dolları olan açıq səhmdar cəmiyyətləri, həmçinin aktivləri və ya öhdəlikləri 10 milyon dollardan çox olan şirkətlər hesabatda nəzərə alınıb. Bu isə artımın daha çox iri və orta ölçülü korporativ strukturları əhatə etdiyini göstərir.

Analitiklərin fikrincə, ABŞ şirkətləri üçün əsas mənfi amillər sırasında yüksək inflyasiya, faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə saxlanılması, eləcə də Donald Tramp administrasiyasının ticarət siyasəti dayanır. Xüsusilə artan borclanma xərcləri və qlobal ticarətdə qeyri-müəyyənlik bir çox şirkətin maliyyə dayanıqlığını zəiflədib.

Mütəxəssislər hesab edirlər ki, mövcud tendensiya ABŞ iqtisadiyyatı üçün risk siqnallarından biridir və yaxın dövrdə faiz siyasətində yumşalma baş vermədiyi təqdirdə korporativ müflisləşmələrin sayı daha da arta bilər. Bu proses həm əmək bazarına, həm də maliyyə bazarlarının sabitliyinə əlavə təzyiqlər yarada bilər.