DÜNYA

26 Dekabr

Yaponiya sənayesində geriləmə

Finss.az xəbər verir ki, Yaponiyada sənaye istehsalında ciddi azalma qeydə alınıb. İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin açıqladığı rəsmi hesabatına əsasən, ölkədə sənaye istehsalı 2024-cü ilin noyabr ayında əvvəlki aya nisbətən 2,6% azalıb. Bu göstərici cari ilin yanvar ayından bəri qeydə alınan ən böyük aylıq geriləmə hesab olunur.

Məlumata görə, oktyabr ayında sənaye istehsalında 1,5% artım müşahidə olunmuşdu. Lakin noyabr ayı üçün bu müsbət dinamika qorunmayıb. Trading Economics platformasının yaydığı məlumatda bildirilir ki, ekspertlər sənaye istehsalında orta hesabla 2% azalma gözləsələr də, faktiki göstərici proqnozları üstələyərək daha kəskin olub.

İllik müqayisədə də Yaponiyada sənaye sektorunda zəifləmə diqqət çəkir. Belə ki, noyabr ayında sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azalıb. Halbuki oktyabr ayında illik bazada 1,6% artım qeydə alınmışdı.

Analitiklərin fikrincə, sənaye istehsalındakı bu azalma qlobal tələbin zəifləməsi, ixrac bazarlarında durğunluq və daxili istehsal xərclərinin artması ilə bağlı ola bilər. Mövcud göstəricilər Yaponiyanın iqtisadi artım tempinə də təsir göstərə biləcək risklər yaradıb.

Qeyd edək ki, Yaponiya sənaye sektoru ölkə iqtisadiyyatının əsas dayaq sütunlarından biri hesab olunur və bu sahədəki dəyişikliklər qlobal bazarlar üçün də mühüm siqnal kimi qiymətləndirilir.