DÜNYA

25 Dekabr

Christie's və Sotheby's rekord artım göstərdi

Finss.az xəbər verir ki, dünyanın aparıcı hərrac evləri olan Christie'sSotheby's son iki il ərzində davam edən geriləmədən sonra 2025-ci ildə ilk dəfə olaraq qlobal satışlarda artım qeydə alıblar. Hər iki şirkətin ümumi gəliri əvvəlki ildəki 11,7 milyard ABŞ dollarından 13,2 milyard ABŞ dollarına yüksəlib.

Məlumata görə, satışlardakı artım əsasən qlobal iqtisadiyyatın bərpası, fond bazarlarında müsbət dinamika və investorların riskə marağının artması ilə əlaqələndirilir. Demək olar ki, bütün kateqoriyalar üzrə – incəsənət əsərləri, lüks mallar, zinət əşyaları və kolleksiya predmetləri sahəsində müsbət artım müşahidə olunub.

The Wall Street Journal-ın yazdığına görə, hərrac bazarında yeni alıcı profili də formalaşmağa başlayıb. Belə ki, Z nəsli (1996–2010-cu illər arasında anadan olanlar) xüsusilə lüks malların alışı ilə bazara daxil olub. Daha təcrübəli və varlı kolleksiyaçılar isə məşhur rəssamların əsərləri, eləcə də mərhum milyarderlərə məxsus şəxsi kolleksiyalardan çıxarılan rəsmlər uğrunda ciddi rəqabət aparıblar.

Sotheby's-in baş direktoru Çarlz Stüart bildirib ki, bazarda uzun müddət davam edən qeyri-müəyyənlik artıq aradan qalxmağa başlayıb. Onun sözlərinə görə, əvvəl satıcılar qiymətlərin daha da artacağını gözləyir, alıcılar isə ucuzlaşma ümidi ilə qərarlarını təxirə salırdılar. “Lakin zamanla bu gözləntilər azaldı və hazırda bazar iştirakçıları özlərini daha inamlı hiss edirlər”, – deyə o vurğulayıb.

Ekspertlərin fikrincə, 2025-ci ildə müşahidə olunan bu artım qlobal incəsənət və lüks bazarının yenidən aktiv fazaya keçdiyini göstərir və yaxın dövrdə hərrac evlərinin satış həcmlərinin daha da genişlənəcəyi istisna edilmir.