DÜNYA

22 Dekabr

Çin Xalq Bankı kredit faiz dərəcələrini dəyişməz saxladı

Finss.az xəbər verir ki, Çin Xalq Bankı (ÇXB) kredit bazarı üçün əsas göstərici hesab olunan bir illik kredit əsas faiz dərəcəsini (LPR) illik 3% səviyyəsində saxlayıb. Bankın açıqlamasına görə, beş illik kredit faiz dərəcəsi də 3,5% səviyyəsində dəyişməz qalıb.

Qeyd olunur ki, bazar iştirakçıları və analitiklər ÇXB-dən hər hansı dəyişiklik gözləmirdilər. Beləliklə, qəbul edilən qərar bazar proqnozları ilə tam üst-üstə düşüb.

Hər iki faiz dərəcəsi ardıcıl yeddinci aydır ki, mövcud səviyyəsində qalır və bu göstəricilər hazırda tarixi minimum səviyyələr hesab olunur. Xatırladaq ki, Çin Xalq Bankı may ayında keçirilən iclasında bir illik və beş illik LPR-ni 10 baza bəndi endirmişdi.

Məlumata görə, LPR faiz dərəcəsi ÇXB-nin faiz dərəcəsi islahatından sonra 2019-cu ilin avqust ayından etalon göstərici kimi tətbiq olunur. 2020-ci ildən etibarən isə Çin Mərkəzi Bankı ölkə banklarından yeni kreditlər üzrə faiz dərəcələrini müəyyən edərkən LPR-ni əsas götürmələrini tələb edir.

Qeyd edək ki, beş illik LPR əsasən ipoteka kreditlərinin dəyərinə birbaşa təsir göstərir, bir illik LPR isə istehlak, biznes və digər kredit növləri üzrə faizlərin formalaşmasında mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, ÇXB-nin hazırkı qərarı Çin iqtisadiyyatında sabitliyi qorumaq və maliyyə bazarlarında balansı saxlamaq məqsədi daşıyır.