Finss.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Amerika bankı Xtellus-un Rusiyanın iri neft şirkəti LUKOIL-un xarici aktivlərini almaqla bağlı təklifini rədd edib. Qərarın Qərb sanksiyaları fonunda qəbul edildiyi bildirilir.
Məlumata görə, Xtellus LUKOIL-un sanksiyalar səbəbindən satmaq istədiyi xarici aktivlərin Amerika investorlarına məxsus LUKOIL səhmləri ilə mübadiləsini təşkil etməyi təklif edib. Mənbələr daha əvvəl LUKOIL-un bu sxemi dəstəklədiyini qeyd ediblər.
Təklifə əsasən, LUKOIL nağd vəsait əvəzinə səhmlər üçün depozit qəbzləri almalı idi. Lakin ABŞ hakimiyyəti Rusiya neft şirkətinə qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılana qədər satışdan əldə edilən gəlirlərin dondurulacağını bildirib.
Reuters agentliyinin yazdığına görə, bu mexanizm 2022-ci il hadisələrindən sonra LUKOIL da daxil olmaqla Rusiya şirkətlərinin səhmlərinə yatırımlarını silməyə məcbur qalan BlackRock, JPMorgan və Goldman Sachs kimi Amerika aktiv menecerlərinin milyardlarla dollarlıq itkilərinin qismən kompensasiyasına kömək edə bilərdi.
Qeyd edək ki, ABŞ və müttəfiqlərinin tətbiq etdiyi maliyyə sanksiyaları Rusiya şirkətlərinin beynəlxalq bazarlarda aktiv əməliyyatlarını ciddi şəkildə məhdudlaşdırmaqda davam edir.
