Finss.az xəbər verir ki, Türkiyənin enerji naziri Alparslan Bayraktar sosial media hesabında açıqlama edərək bildirib ki, Türkiyənin dövlət enerji şirkəti Botaş, İtaliyanın ENI və Almaniyanın SEFE (Avropa üçün Enerji Təminatı, keçmiş Gazprom Marketing Trading) şirkətləri ilə yeni mayeləşdirilmiş təbii qaz (LNG) alış müqavilələri imzalayıb.
Nazirin sözlərinə görə, ENI ilə bağlanan müqavilə 2028-ci ildən başlayaraq 10 il müddətinə ümumilikdə 5 milyard kubmetr LNG tədarükünü nəzərdə tutur. Bu çərçivədə Türkiyə qış mövsümündə artan qaz tələbatını daha stabil və əvvəlcədən proqnozlaşdırıla bilən şərtlərlə təmin edəcək.
Bayraktar qeyd edib ki, yeni LNG müqavilələri ölkənin enerji təchizatının şaxələndirilməsi, Botaşın beynəlxalq səviyyədə kommersiya imkanlarının genişlənməsi, eləcə də Türkiyənin enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
SEFE ilə bağlanan müqavilənin detallarının yaxın günlərdə açıqlanacağı gözlənilir.
