Finss.az xəbər verir ki, Dünya Qızıl Şurasının (WGC) ilkin hesablamalarına əsasən, 2024-cü ilin oktyabr ayında qlobal mərkəzi banklar beynəlxalq ehtiyatlarındakı qızıl ehtiyatlarını ümumilikdə 52,6 ton artırıblar. Bu göstərici il ərzində qeydə alınan ən böyük aylıq artım kimi dəyərləndirilir.
WGC analitiki Krişan Qopaul bildirir ki, mərkəzi bankların davamlı şəkildə qızıl ehtiyatlarını artırması qlobal iqtisadi qeyri-müəyyənlik fonunda təhlükəsiz aktivlərə tələbin yüksəldiyini göstərir.
Oktyabrda ən çox qızıl alan ölkələr arasında Braziliya (16 ton) və Polşa (15,6 ton) liderlik edir. Polşa, həmçinin 2024-cü ilin ümumi göstəricilərinə görə də ən böyük alıcı olub. Digər iri alıcılar isə aşağıdakılardır:
- Özbəkistan – 9,3 ton
- İndoneziya – 3,9 ton
- Türkiyə – 3 ton
- Çexiya – 2,4 ton
- Qırğızıstan – 1,7 ton
- Qana – 1 ton
Digər ölkələr isə 1 tondan az artım qeydə alıb.
Hesabatda qeyd olunur ki, yalnız Rusiya Mərkəzi Bankı qızıl ehtiyatlarını azaldıb. Oktyabr üçün mənfi 0,1 milyon unsiya (təxminən 3,1 ton) qızıl azalması göstərilib. WGC bildirir ki, Rusiyanın qızıl ehtiyatlarındakı azalma çox vaxt qızıl sikkələrin buraxılması ilə bağlı olur və məlumat formatı dəqiq qiymətləndirməyə çətinlik yaradır.
Mütəxəssislər mərkəzi bankların qızıl alımındakı artımın qlobal qızıl bazarında qiymət dinamikasına da təsir etdiyini vurğulayırlar.
