DÜNYA

25 Noyabr

Fond idarəetməsində böyük sıçrayış

Finss.az xəbər verir ki, PwC tərəfindən yayımlanan son proqnoza görə, qlobal fond idarəetmə sənayesi 2030-cu ilə qədər 200 trilyon dollara çatacaq. Müqayisə üçün, bu rəqəm 2024-cü ildə 139 trilyon dollar təşkil edib. Bu isə növbəti 6 ildə sektorun təxminən 44% böyüməsi deməkdir.

Tədqiqat çərçivəsində 300 aktiv menecer və institusional investor arasında aparılan sorğu göstərib ki, fond idarəetmə sektorunda özəl aktivlərdən əldə olunan gəlirlər sürətlə artacaq. Belə ki, 2030-cu ilə qədər bu gəlirlərin 432 milyard dollara çatacağı və ümumi gəlirin yarıdan çoxunu təşkil edəcəyi proqnozlaşdırılır.

Respondentlərin əksəriyyəti yaxın illərdə qlobal inflyasiya və faiz dərəcələrinin azalacağını gözləyir. PwC ekspertlərinə görə, bu tendensiya əhalinin əmanətlərdən daha çox investisiya alətlərinə yönəlməsinə səbəb olacaq, nəticədə fond idarəetmə bazarına kapital axını güclənəcək.

Ekspertlər bildirirlər ki, həm institusional, həm də fərdi investorların aktiv portfellərində müxtəlifləşmə ehtiyacı artacaq və bu, xüsusilə özəl kapital, hedc fondlar, infrastruktur və daşınmaz əmlak fondları kimi aktivlərə marağı daha da stimullaşdıracaq.