Finss.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Almaniyanın maliyyə naziri Lars Klinqbeyl Çinə səfəri zamanı Çin hakimiyyətinin ona nadir torpaq metalları və digər strateji resursların sabit tədarükünü davam etdirmək niyyətində olduqlarına dair zəmanət verdiyini açıqlayıb.
Nazir vurğulayıb ki, danışıqların əsas mövzusu məhz nadir torpaq metalları və vacib xammallar üzrə “açıq öhdəliklər”, bu resurslara etibarlı çıxış və davamlı təchizat zəncirlərinin təmin edilməsi olub: “Çin bütün bunları dəstəkləyir. Bu, çox fundamental bir məqam idi; bu məsələ ilə bağlı vədlər verildi və biz bunu Çin tərəfinə xatırladacağıq”, – Klinqbeyl qeyd edib.
Bloomberg-in məlumatlı mənbələrinin bildirdiyinə görə, Almaniya maliyyə naziri Pekini Ukraynada müharibə ilə bağlı Rusiyaya təzyiq göstərməyə inandırmağa çalışıb, lakin Çin tərəfini bu istiqamətdə təşviq etmək cəhdləri nəticə verməyib.
Klinqbeyl əlavə edib ki, Çin həmçinin Almaniya bankları və sığorta şirkətlərinin ölkə bazarlarına çıxışını asanlaşdırmaq imkanlarını nəzərdən keçirməyə razılaşıb. Bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni mərhələ kimi qiymətləndirilir.
