Türkiyənin Sivas vilayətində 1,7 milyard dollarlıq qızıl yatağı aşkarlanıb
Türkiyənin şərqində yerləşən Sivas vilayətində təxmini dəyəri 1,7 milyard ABŞ dolları olan 424 min unsiya (təxminən 12 ton) həcmində qızıl yatağı aşkarlanıb.
Məlumatı Finss.az “Ermaden” mədən şirkətinə aid İctimai Məlumatların Açıqlanması Platformasında (KAP) dərc olunan bəyanata istinadən yayıb.
Şirkət Sivasın Kangal rayonunda yerləşən yatağın istismarına dair 5,8 min hektardan çox ərazini əhatə edən lisenziyaya malikdir. Hazırda yataqda 360 nöqtədə qazma işləri aparılıb və nüvələr (core samples) götürülüb.
Aparılan analizlər nəticəsində təxminən 14 milyon ton filizdə hər ton üçün orta hesabla 0,89 qram qızıl olduğu müəyyən edilib. İlkin hesablamalara əsasən, yataqda ümumilikdə 424 min unsiya qızıl ola bilər.
Şirkətin açıqlamasına görə, geoloji-kəşfiyyat işləri davam edir, növbəti mərhələdə sıxlaşdırılmış qazma işləri həyata keçiriləcək. Bu mərhələdən sonra yatağın ehtiyatlarının dəqiq qiymətləndirilməsi və potensial resurslarının müəyyənləşdirilməsi planlaşdırılır.
Qeyd olunur ki, qiymətləndirmə prosesi müstəqil və beynəlxalq ekspertlər tərəfindən aparılır.
