Finss.az - Moldovanın dövlət enerji şirkəti Energocom qarşıdan gələn 2025-2026-cı illərin istilik mövsümü üçün 620 milyon kubmetr qaz satın alıb.
Bu, sağ sahil Moldovanın ümumi qaz tələbatının təxminən 80%-ni təşkil edir.
Ölkənin energetika naziri Dorin Jungietu “Moldova 1” telekanalına verdiyi açıqlamada bildirib ki, bu həcm son bir həftə ərzində 500 milyon kubmetr səviyyəsindən artaraq 620 milyon kubmetrə çatıb.
Enerji təchizatında yeni struktur
Sentyabrın 1-dən etibarən Energocom Moldovada əsas qaz təchizatçısı olaraq fəaliyyət göstərəcək və “Moldovaqaz”ın yerini tutacaq. Moldovaqaz SC isə qazın paylanması və ötürülməsi funksiyalarını yerinə yetirməyə davam edəcək. Bununla yanaşı, “Moldovaqaz” 2026-cı ilin aprel ayının 1-dək Dnestr çayının sol sahilində (Transnistriya regionu) qaz təchizatına məsul olacaq.
Bu addımlar Moldovanın enerji təhlükəsizliyini gücləndirmək və istilik mövsümü üçün qaz təchizatında fasiləsizliyi təmin etmək məqsədi daşıyır.